“Kazan Fire Fest – 2017”

14-16.10.2017 tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq “Kazan Fire Fest – 2017”
kulinariya festivalında iştirak etmiş AMKM nümayəndəsinin
hesabatı
Xarkovda keçirilmiş Kulinariya Çempionatında 12 ölkə iştirak etdi. (Azərbaycan, Albaniya, İsrail, Hindistan, Moldova, Fələstin, Polşa, Mavrikiya, Serbiya, Türkiyə, Çernoqoriya və Ukrayna).
Maliyyə imkanlarımızın məhdudluğu səbəbindən biz çempionata komanda apara bilməmişdik və yalnız münsiflər heyətində təmsil edilmişdik.
Tədbir Kiyev Milli Ticarət-İqtisad Universitetinin Xarkov Ticarət-İqtisad Kollecinin bazasında keçirildi.
Biz kollecin kitabxanasına Azərbaycan mətbəxinə aid kitablar və diplomlar təqdim etdik.
Kollecin işçilərinin əksəriyyəti sahə alimləri, elmlər namizədləridir.
Artıq bu ildən kollecə səviyyəsini nəzərə alaraq bakalavr qəbulu olub.
Diqqətinizə bir daha çatdırırıq ki, bizim gedə bilmədiyimiz tədbirlərə müxtəlif ölkələrin erməni diasporunun nümayəndələri qatılırlar. Rumıniyada və Monqolustandakı yarışlarda münsiflərə Qətərdən bir erməni xanım mütəxəssis qatılmışdı. Xarkovdakı yarışlarda isə keçən il İsrail adından iştirak etmiş Sarkis Yakubyan yenə qatılmalıydı. Bu adam İsraildə təşkilat qeydiyyatdan keçirib tədbirlərə gəlir. Lakin başqa ölkənin namizədi olduqlarına baxmayaraq bu adamlar Ermənistan bayrağı ilə çıxış edirlər. Bizim yarışda olduğumuza görə bu adam tədbirdə görünmədi. Çempionat üçün buraxılmış kitabdan bu şəxs haqqında məlumatları Sizə göndərirəm.
Sonuncu illərdə AMKM-in maliyyə sıxıntıları bu nəticələrə gətirir.
Çempionatdan sonra biz Xarkovdakı Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyəti ilə görüş keçirdik, Azərbaycan Bazar günü məktəbində cincilim kətəsi (qutabı) bişirilməsində iştirak etdik.
Dostluq cəmiyyətinə və Azərbaycan bazar günü məktəbinə milli mətbəx kitablarımızı (10 kitab), mətbəx filmlərimizi, Azərbaycan cuxaları açıqçalar dəstlərini hədiyyə etdik. Mətbəximiz barədə danışdıq.
Xarkovda Azərbaycan Milli Qəhrəmanı Viktor Vasilyeviç Sereginin (21.03.1944 – 28.01.1992) xatirə lövhəsi önünə əklil qoyduq, Azərbaycan kinosunun banisi Aleksandr Mişonun xatirəsini yad etdik.
Albaniya Kulinariya Assosiyasiyası UKTB-yə (WorldChefs) üzv olmaq üçün Azərbaycanın yardımını istədi. Albaniyanın Ukraynadakı nümayəndəsinin iştirakı ilə Ermənistana və erməni mütəxəssislərə kömək etməyəcəklərinə söz verdikdən sonra onlarla protejelik haqqında razılığa gəldik.
Dostluq cəmiyyəti ilə birgə 2018-ci ilin may ayında Xarkovda Milli Mətbəx Günləri keçirmək qərara alındı. Bununla bağlı Xarkovdakı çempionatın da Xarkovda may ayına salınmasını Ukrayna tərəfi ilə razılaşdırdıq.