“Nomad Food”

Qazaxıstanın “Milli Aşpazlar Assosiasiyası” prezidenti Elena Maşinskaya tərəfindən 21-24.09.2018 tarixlərdə Qazaxıstanın Burabay bölgəsində keçirilən “Nomad Food” (köçəri mətbəxi) Beynəlxalq Kulinariya Çempionatı keçirilib.
Tədbirin əsas dəstəkləyicisi və maliyyə dayağı Akmola vilayətinin hakimiyyəti və Akmola hakimiyyətinin turizm idarəsi idi.
Tədbirin açılışında və bağlanışda Akmola vilayət hakimi Malik Mirzalin şəxsən iştirak etdi. Tədbir zamanı daimi olaraq yanımızda hakimin I müavini və turizm üzrə hakimin müavini iştirak edirdilər.
Tədbirdə 7 ölkə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Monqolustan, Serbiya, Rusiya və Rumıniya iştirak edirdi. Qazaxıstanın bir çox vilayətlərindən komandalar gəlmişdi. Çempionat peşəkarlar arasında ayrıca, gənclər arasında ayrıca keçirilirdi.
Tədbirdə Özbəkistanın, Qazaxıstanın səfiri də iştirak edirdi.Başda məşhur kulinar Akbar Umarov olmaqla Özbəkistan komandası 1000 (min) nəfərlik özbək plovu bişirib, payladılar.
Maliyyə imkansızlığı üzündən biz Azərbaycandan komanda aparmamışdığ.
Bu boşluğu doldurmaq üçün Şuçinsk şəhərində yerləşən, azərbaycanlıya məxsus “Ekspess” kafesinin Zöhrab müəllim Vəliyevlə görüş keçirildi. Adı kafe olsa da əslində, müəssisə çox böyük restoran idi. Yanında otelləri də var idi.
Kafenin işçilərindən 3 nəfərlik Milli komandamızı qurduq və 2 saat komandanın əsas aşpazı Cəfərov İmamverdi İmran oğlu ilə hazırlıq işləri apardıq. Əlbətdə ki, aylarla 3 nəfəri hazırlamalı olduğumuz halda 2 saat bir nəfəri hazırlamaq çox çətindi. Həm də aşpazın təhsilsiz olması işimizi ağırlaşdırırdı. Bizdən sonra isə İmamverdi Cəfərov digər 2 aşpaza da biz deyənləri başa salmalı idi. Zöhrab müəllim Vəliyev aşpazları, ərzaqları, yarış avadanlıqlarını, maşın və s. təmənnasız
ayırıb kömək etdi. Beləliklə, yarışlarda Azərbaycan peşəkar komandası kimi “Ekspress” kafesinin 3 aşpazı: Cəfərov İmamverdi, Qobeliya David və Belskiy Daniel iştirak etdi. Yarış üçün badımcan ləvəngisi, üzüm yarpağından dolma və forel balığı hazırlandı. Xörəklər dadlı olsa da onların dizaynı, süfrəyə verilməsi və təqdimatı yarış şərtlərinə cavab vermirdi. Buna görə də komandamızı yalnız sertifikatla mükafatlandırdılar.
Ikinci gənclər komandası bizim 2008-ci ildən əməkdaşlıq etdiyimiz Şuçinsk iaşə
“Tikinti-texniki kollecinin” tələbələrindən ibarət idi. Kollecin nəzdində olan iaşə texnologiyası fakultəsinin 3 nəfər tələbəsi; Bayramova Aydan, Siniçkina Anastasiya və Mukaşev Artur yarışlarda Azərbaycan mətbəxi xörəkləri ilə çıxış etdilər. Nəticədə gənclər arasında Artur Mukaşev sertifikat, Anastasiya Siniçkina bürünc medal, Bayramova Aydana isə qızıl medal qazandılar.
Gənclər komandasına da bizim xahişimizlə Zöhrab Vəliyev yardım etmişdi.
Kolleclə əlaqələrimizin inkişafı üçün yeni əməkdaşlıq müqaviləsini imzaladıq.
Bunlardan əlavə sərgi hissəsində diasporumuz tərəfindən Milli mətbəx süfrəsi qoyulmuşdu. Beləliklə, ölkəmizin adı münsiflər heyəti ilə, peşəkar komandalarla, gənclər komandaları ilə və diaspor süfrələri ilə birlikdə 4 mövqedə səsləndi.
Nəticədə, Azərbaycan adına 4 sertifikat, bir bürünc və bir qızıl medal qazanıldı. Münsiflərin azərbaycanlı üzvünə minnətdarlıq məktubu təqdim edildi.
Çempionatdan kənar, dünya kulinariyasına verdiyi tövhələrə görə Balıqlar bürcündəki bir ulduza azərbaycanlı kulinar Tahir Əmiraslanovun adının verildiyi açıqlandı və bu barədə sənəd Azərbaycan tərəfinə təqdim edildi.
Təşkilatçılara və iştirakçılara bizim tərəfimizdən də bir sıra mükafatlar, suvenirlər təqdim edildi.
Qazaxıstanda olduğumuz müddətdə daimi olaraq səfirliyimizin diqqət və qayğısını hiss etdik.
Şuçinsk şəhərindəki diaspora nümayəndəmiz, “Ekspress” kafesinin sahibi Zöhrab Vəliyev həm bizə çox diqqət və qayğı göstərdi, həm gənclər və peşəkar komandalarımızın formalaşmasına və təminatına böyük köməklik göstərdi.
Dəstəklərinə görə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk.

42694053_2231082366933115_407390928064479232_n