+(99412) 498 76 54 aze | eng | rus

Milli mətbəx

Tahir Əmiraslanovun “Mətbəx dastanı” xalqımızın milli,tarixi sərvətidir

İncə,nəfis,çəkici nəşr olunmuş bu kitab ilk gördüyümdən marağıma səbəb oldu. Açığı kulinariya haqqında çox kitablarla tanışam,amma “Mətbəx dastanı” məndə həmin kitaba başqa cür münasibət yaratdı. Ən əvvəl, kitabın adı məndə bir qürur hissi oyatdı,çünki, “dastan” sözü birbaşa biz, azərbaycan türklərinin qəhrəmanlıq səhifəsi ilə bağlıdır.Nəhayət ki, xalqımız mətbəx sahəsində də öz dastanını yarada bildi. Bu dastanı vərəqlədikcə,mənsub olduğum xalqın gücünü,əzəmətini bir daha hiss etdim.Eramızdan əvvəlki dövrdən ta günü bu günə qədər başda çörək,ruzi olmaqla Allahın,təbiətin azərbaycan torpağına,azərbaycanlılara bəxş etdiyi min bir nemətin sehrini,dadını hiss etmək olur dastanda.Qeyri-adi kitabın müəllifi Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri,tanınmış kulinar Tahir Əmiraslanovdur. Milli mətbəximizi dünya miqyasında təbliğ etməyi bacaran,öz sənəti, bacarığı ilə mətbəximizi milyonlara sevdirən Tahir müəllimin yaratdığı dastan,həqiqi mənada,xalqın gündəlik məişətini özündə əks etdirən tarixinin dastanıdır. Dastanı vərəqlədikcə,milli xörəklərimizin hazırlanma texnologiyası ilə tanış olduqca,bunların heç də adi resept olmadığını görürsən.Əslində, bu, elmi dildə yazılmış bir əsərdir.Bütün həyati sahələri tənzimləyən,tibbi nöqteyi-nəzərdən min bir dərdin dərmanı olan,sağlamlığımızın keşiyində duran Azərbaycan milli mətbəxinin xüsusiyyətlərini,incəliklərini elmi-fəlsəfi aspektdə açmağa nail olan kitab xalqın etnoqrafiyasını,dilini,folklorunu,tarixini öyrənmək üçün də ən faydalı bir vəsaitdir. Belə ki, kitabdan tarixçilər, etnoqraflar, dilçilər,ədəbiyyatçılar,texnoloqlar,tələbələr istifadə edə bilərlər.Ən maraqlı cəhətlərindən biri “Kitabi-Dədə Qorqud” və orta əsr müəlliflərinin əsərlərinin tədqiq edilib,istifadə olunmasıdır. XVIII əsrdən Əhməd Cavidin “Tərcüme-i Kenzülistiha”, XV əsrdə İran şairi Bushaqin kulinariya kitabının tərcüməsi,XV əsrdə Muhammed Bin Mahmud Şirvaninin Kulinariya kitabı,XIII əsrdə uyğur türkü Nu Szu- Huinin Çingiz xan üçün yazdığı yemək kitabı,XII əsrdə Muhammed El Kərimin “Aşbazların kitabı”, Turabi Əfəndinin Londonda nəşr etdirdiyi Kulinariya kitabı isə çox nadir kitablar olmaqla yanaşı,ilk dəfə bu məqsədlə T.Əmiraslanov tərəfindən tədqiq edilmişdir.Ədəbiyyat istifadəsində Avropa mənbələrinə də müraciət edilmişdir.Xalq deyimləri,atalar məsəlləri dastanı tamamlayan elementlər kimi onun gücünü artıra bilmişdir. Onun gərgin əməyinin nəticəsidir ki, gözəl təamlarımızı özündə cəmləşdirən Azərbaycan mətbəxi elmi cəhətdən də isbatını tapa bilmişdir.Ərzaq məhsullarının düzgün seçimi,onların proporsiyası,bişirilmə texnologiyası,süfrənin açılması,süfrəyə verilmə qaydaları və s. bütövlükdə böyük bir mədəniyyətdir.Maraqlıdır ki, milli mətbəxin incəliklərinə vararaq,yeməklərin bişirildiyi təndir, qazanlar, müxtəlif qab-qaşıq,samovarlar haqqında,onlardan istifadə qaydaları haqqında maraqlı məlumatlar da əldə etmək olur. Şəxsən, mənim üçün, ən çox marağıma səbəb olan “Daş dastanı” oldu.Dastanları bir-bir vərəqlədikcə mətbəximizə olan münasibətimizdə bir dəyişiklik,daha çox bağlılıq yaranması hissi insanı tərk etmir. Belə dəyişikliyi,belə fərqliliyi yaratmağı bacaran azərbaycanlı Tahir Əmiraslanova minnətdar olmalıyıq.Bir qədər dərindən fikirləşsə,oxucu,yəqin ki, bu minnətdarlığın əsl səbəbini özü üçün aydınlaşdıra bilər. Ulularımızdan qalmış,ata-babalarımızın əkinçi və maldar olduğu vaxtlardan əziyyət çəkib ortalığa çıxartdıqlarını,öz fantaziyaları,zövqləri və bacarıqları ilə icad etdikləri ən müxtəlif,ləziz təamları nəsillərə ötürmək,bütün dünyaya Azərbayacanın Azərbaycan olduğunu göstərmək baxımından “Mətbəx dastanı”nın tayı-bərabəri yoxdur.Mövzulara uyğun seçilmiş rəngli fotolar,şəkillər, kitabın bədii tərtibatı göz oxşayır və dastan haqqında tam təəssürat yarada bilir.Şəkillər sağlam məişətimizdən, yaşayışımızdan, mədəniyyətimizdən soraq verən faktlar kimi bir daha qədim,çox qədim tarixə malik olduğumuzu göstərir. Belə faktlar isə bu gün bizim üçün böyük əhəmiyyət kəsb edir. Torpağımıza,dilimizə,musiqimizə sahib çıxmağa hər yol ilə can atan ermənilər bizim milli mətbəximizi də “işğal “ etməyə çalışırlar. Təsadüfi deyildir ki, onlar kulinariya ilə bağlı bütün müsabiqələrdə, yarışlarda müəyyən milli xörəklərimizi,misal üçün,dolmanı erməni mətbəxinin nümunəsi kimi təqdim edirlər.Tarix çox müharibələr görüb,amma erməni kimi işğalçı hələ görünməyib.Acgöz,bədxislətli düşmən başını o qədər itirib ki, böyük bir türk xalqının minilliklər boyu istifadə etdiyi təamları öz adına çıxır.Avropada,Amerikada,Asiyada bir çox önəmli müsabiqələrdə qələbə qazanmış, bir çox diplomlar,mükafatlar qazanmış Tahir Əmiraslanov təkcə milli mətbəximizi təmsil etmək deyil,həm də onu təbliğ etmək yolunda da mübarizə aparır.Azərbaycan milli yeməklərini başqa xalqlara tanıtdırmaq, sevdirmək onun ən böyük qələbəsi,oğru ermənilərə ən böyük zərbəsidir.Yeri gəlmişkən,qeyd edək ki, bu il Azərbaycanda keçirilən beynəlxalq mahnı müsabiqəsində ölkəmizə gələn müxtəlif dövlətlərin təmsilçiləri və qonaqlar təkcə Azərbaycanın gözəlliyindən,azərbaycanlıların qonaqpərvərliyindən deyil,həm də milli mətbəximizdən də çox razı qalmışdılar.Milli mətbəximizin təbliği sahəsində kitabın rolu əvəzedilməzdir.Faydalı olan həmin kitabı oxumağa dəyər. “Mətbəx dastanı”na xoş gəldiniz.Nuş olsun!

Sevinc Rzaqızı

Tahir Əmiraslanovun  “Mətbəx dastanı” xalqımızın milli,tarixi sərvətidir